Ana səhifə > Texnologiya > Bizim elektron dostumuz

Bizim elektron dostumuz

XXI əsr elm-texnika, tərəqqi və proqramlaşdırma əsri hesab olunur. Bu gün kompyuter müasir cəmiyyətin, hər birimizin həyatına elə daxil olub ki, onsuz  özümüzü  təsəvvür edə bilmirik. İş prosesinin yüngülləşdirilməsində, informasiya mübadiləsində, lazımi məlumatların alınmasında uzaqları yaxın edən texnikanın bu əvəzolunmaz nailiyyətinin rolu danılmazdır. Orta məktəbdən icrasına başlanılan müasir kompyuterləşmə proqramı gənc nəslin  inkişafına təkan verir, onların dünyanın inkişaf etmiş ölkələrinin məktəbliləri ilə bilik səviyyəsinin bərabərləşməsinə gətirib çıxarır. Bildiyimiz kimi, bu gün təhsildə dərs proqramlarının  görüntülər əsasında daha yaxşı qavranılması,  materialın daha asan dərk olunması, izahlı təhlili və analizi üçün kompyuterdən istifadə olunur. Böyüməkdə olan nəslin saglam inkişafının təminatı olaraq onlara bu sahədə düzgün istiqamət verilməli, kompyuterdən yalnız lazımi məqsədlər üçün istifadə olunmasına çalışılmalıdır. Bu  həm təlim-tərbiyə, həm də saglamlıq baxımından çox vacib bir amildir.

İnformatika kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə onun inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaca nəzər salaq.

İlk dəfə fransız Blez Paskal  1642-ci ildə cəmləyici maşın hazırlayıb. 1673-cü ildə isə Almaniyada Vilhelm Leybnis  hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yarada bilib. Daha sonra  1830-cu ildə ingilis alimi Çarlz Bebic proqramla işləyən hesablama maşınını yaratmağa cəhd göstərir. Bebicin ideyaları sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoyub. 1930-cu ildə  ingilis A.Turinq və amerikalı alimlər E.Post  tərəfindən universal kompyuterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilib.

Müasir kompyuterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə Amerika Birləşmiş Ştatlarında ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilir ki, həmin tarix də müasir kompyuter texnikasının yaranma tarixi hesab olunub.

Bu gün artiq kompyuter, elektron mübadilə ilə heç kimi təəccübləndirə bilməzsən. Lakin hələ də elə yerlər var ki, orada bu  xidmət əlçatmaz sayılır.

“Aztelekom” İstehsalat Birliyi kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün nəzərdə tutulan layihənin icrasına başlayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilkin olaraq 25 rayonun 236 kəndinə 1400 kilometr optik kabel çəkilməsi və 25 min internet portu ilə təmin edilməsi həyata keçirilir.

“Aztelekom” İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyevin bildirdiyinə görə, artıq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Ağdam, Sabirabad, Saatlı, Yardımlı, Biləsuvar, Neftçala, Astara və Lerik rayonlarında işlərə başlanılıb. Kəndlərin yüksək keyfiyyətli optik kabellərlə təmin edilməsi ilə sakinlər telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə edə biləcək.

Qeyd edək ki, bu layihənin həyata keçirilməsi ilə ölkəmizdə rayon daxilində rabitədə şəhər və kənd fərqi tamamilə aradan qalxacaq. Layihənin həyata keçirilməsi ilə əlaqədar “Aztelekom” İB-nin elan etdiyi tenderin qalibi “Huawei” şirkətidir.

Əhalinin güzəranının, maddi rifahının yaxşılaşdırılması ilə yanaşı, həm də dünyaya çıxışı üçün yaradılan bu imkan dövlətimizin bizə olan hədsiz  qaygısından xəbər verir. Ucqar kənd və şəhərlərin internetlə təminatı Azərbaycanın yeni inkişaf sisteminə qədəm qoymasına layiqli sübutdur.

Fəxriyyə İkramqızı

Categories: Texnologiya Tags: ,
  1. Hələlik şərh yoxdur.
  1. No trackbacks yet.

Şərh yazın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.